8 Marta aid inşa

8 Mart qadın hüquqları və gender bərabərliyi uğrunda mübarizənin, qadınların cəmiyyətdəki rolunun qeyd olunduğu xüsusi bir gündür. Bu özəl gün haqqında inşa

8 Marta aid inşa

Azərbaycan qadınlarının cəmiyyətdəki rolu və nüfuzu durmadan artır. Ölkəmizdə gender bərabərliyinin gücləndirilməsi, qadınların ictimai həyatda daha fəal iştirak etməsi üçün ardıcıl addımlar atılır. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni sahələrdə mühüm rol oynayır, ölkə idmanına əhəmiyyətli töhfələr verirlər.  

Qadınlarımız ölkənin ən yüksək vəzifələrində əzmlə, məsuliyyətlə çalışır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dövlətimiz və xalqımız naminə gördükləri işlər, xeyirxah əməlləri Azərbaycan qadınının fəallığının bariz nümunəsidir. Onların genişmiqyaslı fəaliyyəti, humanist təşəbbüsləri, eləcə də milli-mədəni dəyərlərimizin dünyada təbliği istiqamətində gördükləri işlər cəmiyyətimiz üçün böyük örnəkdir.  

Bu gün, eyni zamanda, torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş şəhid qadınlarımızı, bütün şəhid analarını və xanımlarını, döyüşlərdə sağlamlığını itirən hərbçilərin həyat yoldaşlarını, vətənpərvər övladlar böyüdən əsgər analarını da dərin hörmətlə yad edirik. Azərbaycan qadını bu il 8 Mart – Beynəlxalq Qadınlar Gününü daha böyük qürur hissi ilə qeyd edir. Çünki məhz onların yetişdirdiyi igid övladlar Vətən müharibəsində rəşadət göstərərək 30 illik işğala son qoydular, torpaqlarımızı azad etdilər. Şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuz qədər, onları böyüdən analara da borcluyuq.  

Bu bayram günü yalnız bu günlə məhdudlaşmamalıdır. Hər zaman, hər an qadınlarımızın dəyəri bilinməlidir. Dünyanın zərif məxluqları olan qadınlar həyatın bəzəyi, onun mənası və əbədi gözəlliyidir. Qoy hər zaman üzləriniz gülümsəsin, əziz xanımlar!

Paylaş