Beyrək Fezullayev

Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsi Şəhidi Beyrək Fezullayev

Beyrək Fezullayev
Beyrək Fezullayev
Beyrək Fezullayev

Beyrək Seyfullah oğlu Fezullayev 30 aprel 1997 Oğuz rayonu Baş Daşağıl kəndində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib.

Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SATkurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00, 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

banner