Bu gün Şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı genaral-mayor Polad Həşimovun doğum günüdür.

Bu gün Şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur. Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kəmalə, və 1 qardaşı — İlham olmuşdur.1975-cı ilin iyul ayında — Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.

Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır.Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil almışdır. Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı — M. Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir. 1992-ci ildə oradan məzun olmuşdur.

Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı.1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir.Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişdir.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi almışdır.

HƏRBİ XİDMƏTİ

Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşmışdır. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilmişdir.

Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

6 il sonra isə Polad Həşimov "polkovnik-leytenant" hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə Şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olub.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı Şəhid olan birinci və yeganə generalıdır.

Təltifləri

  • 26 iyun 2001 - "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
  • 26 iyun 2002 - "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • 24 iyun 2003 - "Hərbi xidmətlərə görə" medalı
  • 26 iyun 2004 - "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
  • 26 iyun 2006 - "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
  • 26 iyun 2007 - "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • 26 iyun 2008 - "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • 25 iyun 2009 - "Vətən uğrunda" medalı
  • 26 iyun 2012 - "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
  • 26 iyun 2013 - "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • 24 iyun 2014 - "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni
  • 18 aprel 2016 - "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordeni
  • 26 iyun 2017 - "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
  • 26 iyun 2018 - "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • 9 dekabr 2020 - "Qızıl Ulduz" medalı (ölümündən sonra)
banner