Xəstəlik adlı şeir

Bənövşə Mahmudqızının qələmə aldığı Xəstəlik adlı şeiri sizlərə təqdim edirik.

Xəstəlik adlı şeir

"Xəstəlik"

Bezdirmişəm anamı, atamı da, 
Nə edim?
Vədəm də dolmayıb ki,
Dünyadan çıxım gedim.
Ən son mən uşaq idim,
Hamıdan da bərk qaçan,
Yaman da qoçaq idim.
O zamanlar xəstəlik 
Bilmirdim ki, nə idi.
Böyüdükcə xəstəlik canıma qonaq gəldi. 
Xoş gəldi, səfa gəldi.
Canımdakı ağrılar,
Çəkdiyim cəfa gəldi.
Bəzisi yazıq dedi,
Bəzisi azdır dedi.
Həyat müəllimim oldu,
Yaşadığım xəstəlik.
Əslində deyildi ilk,
Amma son da olmadı.
Başqası da oldu,
Hələ zaman dolmadı...
Bir şeylərlə sınayır,
Yaradıcı bizləri.
Bilir gizlinləri,
Şər görsək də biz onu,
Vardır gözəl rəngləri.
Xəstə olmaq da gözəl.
Xəstə olmaq da özəl.
Təki Yaradıcımın məni
Ruhdan xəstə etməsin.
Fikirlərim də xəstə,
Canım da xəstə olsa,
Bax o zaman dünyanın 
Ən bədbəxt insanıyam.
Allaha inanıram,
Hər şey yaxşı olacaq.
Fikri sağlam olanlar,
Mütləq ki, sağalacaq!

▪︎ Müəllif: Bənövşə Mahmudqızı

banner